YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının ilk iclası keçirilmişdir

Aprelin 16-da Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının ilk iclası keçirilmişdir.

Iclasda komissiya üzvləri ilə yanaşı, Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların sədrləri, nümayəndələri, gənclər təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər.

İclası açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP-ın partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov demişdir ki, ilk dəfədir komissiya çərçivəsində Azərbaycan Parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilir.

“YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə Prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir”, - deyən Əli Həsənov qeyd etmişdir ki, komissiyanın bugünkü iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və gələcəkdə bütövlükdə cəmiyyətdə partiyalararası münasibətin vahid strategiyası müəyyən olunacaqdır.

İclasda çıxış edən müxtəlif siyasi partiyaların təmsilçiləri bu dialoqun əhəmiyyətini vurğulamış, diqqətə çatdırmışlar ki, komissiyanın bu formatda iclası hakim partiyanın istənilən məsələni digər partiyalarla birlikdə müzakirə etməyə hazır olduğunu bir daha nümayiş etdirir. Partiya nümayəndələri təklif etmişlər ki, Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər siyasi partiyalar da milli maraqlar naminə vahid mövqedən çıxış etməli, daimi fəaliyyət göstərən “dəyirmi masa” təşkil edilməli, siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir. İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaq mövqeyin hazırlanması, belə görüşlərin davamlı olması, Azərbaycanda fəaliyyət göstərən partiyalarla əməkdaşlıq formatının tapılması təklifləri irəli sürülmüşdür.

Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP-ın partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov səslənən təkliflərdə rasional ideyaların olduğunu bildirmiş, bu təkliflərin ümumiləşdiriləcəyini vurğulayaraq demişdir:

- Hər bir siyasi təşkilatın gücü onun üzvlərinin sayının çox olmasından deyil, ideologiyasının möhkəmliyindən, dövlətçiliyə sədaqətindən, üzvlərinin iradəsindən asılıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin, fikirlərinin və ideyasının əsasında məhz o amil dayanırdı ki, dinindən, dilindən, irqindən və əlbəttə ki, siyasi baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Konstitusiya ilə onlara verilmiş hüquqlardan istifadə edə bilərlər. Azərbaycan vətəndaşları ölkədə vətəndaş cəmiyyətinin əsasını təşkil edirlər. Azərbaycan dövləti öz vətəndaşlarına siyasi baxışlarına görə münasibət bəsləmir. Hamı qanun qarşısında bərabərdir. Buna görə biz daim Ulu Öndərin xatirəsini əziz tutacağıq.

Səslənən təkliflərə münasibət bildirən Əli Həsənov demişdir ki, YAP əməkdaşlıq üçün açıq partiyadır. Lakin bəzi radikal yönümlü partiyalar öz yanlarında yedək qeyri-hökumət təşkilatları yaradaraq onların vasitəsi ilə xaricdən qrant alır, müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının sifarişlərini yerinə yetirir və ölkədəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Belə halların baş verməməsi üçün qeyri-hökumət təşkilatları ilə başqa formatda əməkdaşlıq ediləcəkdir.
İclasda YAP siyasi şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini seçilmişdir.
Komissiyanın iclasının ildə 2 dəfə keçirilməsi təklif olunmuşdur.